London Kral Kollecinin alimləri COVID Symptom Study proqramında qeydiyyatdan keçmiş Böyük Britaniya, ABŞ və İsveçdən olan 1,4 milyon insanın məlumatlarından istifadə ediblər. Tədqiqat iştirakçıları sağlamlıqları və hansı əlavələri və nə qədər tez-tez qəbul etdikləri ilə bağlı sualları cavablandırdılar. Bundan əlavə, tətbiqdə istifadəçilərin COVID-19 testinin nəticələri haqqında məlumat var.
Tətbiqin Böyük Britaniyadakı 327,700 istifadəçisindən 175,600-ü pandemiyanın başlanğıcından bəri müxtəlif vitaminlər və mikroelementlər qəbul etdiyini bildirdi. Bu nümunədə qida əlavələri qəbul edən 10,5 min insanda, eləcə də bu cür profilaktika üsullarına məhəl qoymayan 13 min istifadəçidə COVID-19 təsdiqlənib. Tədqiqatçılar tapıntılarını digər amillərə uyğunlaşdırdıqdan sonra, dörd pəhriz əlavəsinin potensial olaraq koronavirusa yoluxma riskinin azalması ilə əlaqələndirilə biləcəyini aşkar etdilər.
Belə ki, müxtəlif probiyotiklərin qəbulu nəzəri cəhətdən yoluxma riskini 14%, multivitaminlər 13%, Omeqa-3 yağ turşularını 12%, D vitamini isə 9% azalda bilər. Bununla belə, sink, C vitamini və sarımsaq ekstraktı əlavələrinin infeksiya ehtimalına heç bir təsiri olmadığı görünür. Tədqiqatın müəllifləri qeyd ediblər ki, ABŞ və İsveçdən olan istifadəçi məlumatlarının təhlili oxşar nəticələr verib.
Maraqlıdır ki, bütün ölkələrdə qida əlavələrinin qəbulunun yoluxma riskinə təsiri yalnız qadınlarda aşkar edilib. Alimlər təklif ediblər ki, bəlkə də məsələ vitamin və mikroelementlərdə deyil, qadınların sadəcə olaraq öz sağlamlıqlarına daha çox əhəmiyyət verməsində və bütün qoruyucu tədbirlərə daha diqqətlə riayət etmələrində – maska taxmaqda və sosial məsafəni saxlamaqdadır. Qadınların koronavirusa qarşı daha güclü immun reaksiyasının olması da mümkündür və buna vitamin və mikroelementlərin qəbulu da təsir edə bilər.
“Bu, kliniki sınaq deyil, müşahidə tədqiqatıdır, ona görə də biz hər hansı əlavələri qəbul edib-etməmək və ya hansı dozada qəbul etmək barədə qəti tövsiyələr verə bilmərik. Onların koronavirusla mübarizədə faydalı olduğuna dair daha inandırıcı dəlillər ortaya çıxana qədər biz yalnız səhiyyə orqanlarının rəsmi tövsiyələrinə əməl etməyi məsləhət görürük”, – tədqiqatın müəllifləri qeyd ediblər.