Amerikalı tədqiqatçılar iddia edirlər ki, hətta özünüzü divandan qopardığınız zaman bir neçə əlavə dəqiqə də ömrünüzü uzada bilər.
Nyu-Yorkdakı Kolumbiya Universitetində davranış təbabəti üzrə dosent, tədqiqatın aparıcı müəllifi Keyt Diaz, “Əgər siz oturaq həyat tərzi keçirirsinizsə, istər evdə, istərsə də işdə, daha tez-tez və mümkün qədər uzun müddət hərəkət etməklə, vaxtından əvvəl ölüm riskinizi azalda bilərsiniz” dedi.
Yeni araşdırmaya yaşı 45 və daha yuxarı olan təxminən 8000 amerikalı böyüklər daxil edilib. Hər biri 2009-2013-cü illər arasında ən azı dörd gün fiziki aktivlik monitoru taxıb. Daha sonra tədqiqatçılar 2017-ci ilə qədər iştirakçıların ölüm nisbətlərini izləyiblər.
American Journal of Epidemiology jurnalında dərc edilən araşdırmaya görə, oturmaq əvəzinə hər gün ən azı 30 dəqiqə aşağı intensiv fiziki fəaliyyət göstərən insanların vaxtından əvvəl ölüm riski 17% azalıb.
Tədqiqatçılar hesab edirlər ki, daha intensiv məşq daha çox fayda gətirir. Məsələn, oturmaq əvəzinə gündə yarım saat orta və ya intensiv idman edənlər vaxtından əvvəl ölüm riskini 35% azaldıb.
Nəticələr göstərdi ki, hətta bir və ya iki dəqiqəlik əlavə fiziki fəaliyyət də müəyyən fayda verə bilər. Başqa bir Amerika araşdırmasına görə, ABŞ-da hər dörd böyüklərdən biri gündə səkkiz saatdan çox oturur.
Bəzi kardiologiya mütəxəssisləri bu səviyyəli fiziki hərəkətsizliyin ölümcül ola biləcəyinə inanırlar.
Nyu Yorkdakı Lenox Hill Xəstəxanasının kardioloqu Dr. Satjit Bhusri, “Ürək-damar riskinin istənilən səviyyəsində idmanın təkcə ömrü uzatmaqla yanaşı, infarkt və insult riskini də azaltdığı sübut edilmişdir” dedi.
Amerika Ürək Assosiasiyası hazırda “həftədə 150 dəqiqə orta aerob fiziki fəaliyyət və ya həftədə 75 dəqiqə güclü aerobik fəaliyyət” tövsiyə edir. Amerikalı ürək mütəxəssisləri həmçinin işəgötürənlərə işçilərə məşq üçün vaxt verməyi tövsiyə edir ki, bu da məhsuldarlığın artmasına, səhiyyə xərclərinin azalmasına və əhval-ruhiyyənin yüksəlməsinə səbəb ola bilər.