Doğum – bədənə və ruha təsir edən dərin bir hadisədir. Körpənin dünyaya gəlişi nə qədər sevindirici olsa da, bir çox ana bu dövrdə psixoloji çətinliklər yaşaya bilər. Bu dəyişikliklərə laqeyd yanaşmaq həm anaya, həm ailəyə, həm də körpənin inkişafına mənfi təsir edə bilər.
“Doğum sonrası depressiya” nədir?
Doğumdan sonra bir çox qadın 1–2 həftə ərzində emosional dəyişkənliklər, ağla gəlməz narahatlıqlar və kefsizlik hiss edə bilər. Bu vəziyyətə “baby blues” deyilir və adətən müalicə tələb etmədən keçib gedir.
Amma bəzən bu hal daha uzun sürür, ağırlaşır və “doğum sonrası depressiya”ya çevrilir.
Əlamətləri nələrdir?
- Daimi kədər, narahatlıq və ümidsizlik hissi,
- Uşağa və ya özünə qarşı maraqsızlıq,
- Ağlamaq üçün səbəb tapmadan tez-tez ağlama,
- Yorğunluq, yuxusuzluq və ya əksinə, çox yatmaq,
- Özünü yararsız və ya pis ana kimi hiss etmək,
- Diqqət toplamaqda çətinlik, qərarsızlıq,
- Bəzən özünə və ya körpəyə zərər vermə düşüncələri.
Niyə yaranır?
Bu vəziyyət bir neçə amilin birləşməsi nəticəsində baş verir:
- Hormonal dəyişikliklər – estrogen və progesteron səviyyəsinin sürətlə azalması,
- Yuxu pozuntusu və fiziki yorğunluq,
- Ana olmaqla bağlı psixoloji və sosial təzyiqlər,
- Keçmiş depressiya və ya stressli doğum təcrübəsi,
- Ailə və sosial dəstəyin zəif olması.
Nə zaman kömək alınmalıdır?
Əgər:
- Bu əlamətlər 2 həftədən artıq davam edirsə,
- Ananın gündəlik həyatına və uşaqla münasibətinə mənfi təsir edirsə,
- Özünə və ya körpəyə zərər vermə ehtimalı hiss edilirsə,
mütləq psixoloq və ya psixiatrla məsləhətləşmək lazımdır. Erkən müdaxilə sağalma prosesini çox sürətləndirir.
Ana üçün nə faydalıdır?
🫂 Dəstək – Ana tək olmadığını hiss etməlidir. Həyat yoldaşı, ailə və dostlar ona qayğı və anlayışla yanaşmalıdır.
🗣️ Danışmaq və paylaşmaq – Ananın hisslərini paylaşması, danışması psixoloji yükü azaldır.
🧘♀️ İstirahət və özünə zaman ayırmaq – Ana mütləq özünü də düşünməlidir: qısa gəzinti, hobbi, musiqi dinləmək kimi sadə fəaliyyətlər belə yaxşı təsir edə bilər.
📅 Professional dəstək – Gərəkərsə, psixoloji terapiya və ya həkim nəzarətində müalicə vacibdir.
📌 Nəticə
Doğum sonrası depressiya zəiflik deyil, müalicə olunası bir vəziyyətdir. Ana olmaq böyük dəyişiklikdir və bu dəyişikliklərlə baş etmək üçün həm anlayış, həm də dəstək lazımdır. Ana nə qədər sağlam olarsa, körpə də o qədər sağlam böyüyəcək. Unutmayın: ana ruhən güclüdürsə, ailə də güclüdür.