Ümumdünya Səhiyyə Təşkilatı gündə ən azı 30 dəqiqə və ya həftədə 150 dəqiqə fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edir. ABŞ və Böyük Britaniya alimləri bu tövsiyələrin erkən ölüm riskini azaltmağa nə qədər kömək etdiyini yoxlamaq qərarına gəliblər. Onlar 4-14 il ərzində sağlamlığına nəzarət edilən 130.000 insanın fiziki fəaliyyətini təhlil edən altı araşdırmanı nəzərdən keçiriblər.
Nəticələr ÜST ekspertlərinin qənaətlərini qismən təsdiqlədi: gündəlik 30 dəqiqəlik fiziki məşqlər (məsələn, isinmə hərəkətləri) vaxtından əvvəl ölüm ehtimalını 80% azaldır. Ancaq yalnız gündə 7 saatdan az vaxtını oturan vəziyyətdə keçirən şanslılar üçün. 11-12 saat masa arxasında oturan insanlar üçün bu miqdarda fiziki fəaliyyət praktiki olaraq heç bir təsir göstərmir.
"Başqa sözlə, həyatınızı xilas etmək üçün görüləcək işlər siyahısında sadəcə bir qutu işarələmək lazım deyil. Əgər oturmağa çox vaxt sərf edirsinizsə, 30 dəqiqəlik məşqdən daha çox aktivliyə ehtiyacınız var", – rəy müəllifləri yazıb.
Fiziki məşqlərə daha çox vaxt ayırmaq mümkün deyilsə, alimlər 4-5 saat ərzində yüngül fəaliyyət əlavə etməyi məsləhət görürlər – məsələn, ev işləri, uşaqlarla oynamaq, iti gəzdirmək, mağazada alış-veriş etmək. Bu sadə məşqlər idmanla birlikdə vaxtından əvvəl ölüm riskini 30% azaltmağa kömək edir.
Tədqiqatın müəllifləri qeyd ediblər ki, onların tədqiqatı sağlam həyat tərzinin əsas amili olan adekvat yuxu ilə birlikdə adekvat fiziki fəaliyyətin faydalarını qiymətləndirə bilməyib. Bu səbəbdən bir az məşq etmək üçün 30 dəqiqə əvvəl oyanmağa dəyər olub olmadığını söyləmək çətindir.