Avtomobil qəzaları və idman xəsarətləri iflicə səbəb ola bilər. Onurğa beynində beyindən əzələlərə məlumat ötürən sinir lifləri zədələnir. Təəssüf ki, sinir lifləri öz-özünə bərpa olunmur, buna görə də əlillik ömrün sonuna qədər davam edir: iki və ya dörd əzanın hamısı hərəkətsiz qalır.
Yeni araşdırmada alimlər siçanlarda sinir liflərini və hərəkət qabiliyyətini bərpa etmək üçün hiper-interleykin-6-dan istifadə ediblər. Bu, 1997-ci ildə elmi məqsədlər üçün sintez edilmiş “dizayner” zülaldır (sitokin); insan və heyvan orqanizmində əmələ gəlmir. 2016-cı ildə bu zülal siçanlarda görmə sinirini bərpa etmək üçün eksperimentdə uğurla istifadə edilib.
Alimlər yeni təcrübədə laboratoriya siçanlarının onurğalarını zədələyiblər. Bunun ardınca beynin motor sahələrinə xüsusi, patogen olmayan viruslar daxil etdilər. Bu viruslar hiper-interleykin-6 sintezi üçün genetik məlumat daşıyırdı. Viruslar beynin motor neyronlarına daxil olduqdan sonra bu hüceyrələr bu proteini sintez etməyi “öyrəndilər”. Bu genetik məlumat həm də yerimə prosesindən məsul olan qonşu sinir hüceyrələrinə ötürülürdü.
Beləliklə, gen terapiyası onurğa beynində sinir liflərinin bərpasını stimullaşdırdı və heyvanlar iki-üç həftə ərzində hərəkət edə bildilər. Alimlər nəticənin onların gözləntilərini üstələdiyini bildirirlər: əvvəllər tam paraplegiya ilə belə effekt əldə etmək mümkün deyildi.
Gələcəkdə elm adamları, müalicənin zədədən dərhal sonra deyil, həftələr sonra tətbiq olunarsa, analoji effekt verib-verməyəcəyini müəyyən etməyi planlaşdırırlar. “Bu aspekt insanlarda bu terapiyanın potensial istifadəsi kontekstində xüsusilə vacibdir. Biz elmdə yeni bir yol açırıq. Növbəti təcrübələr digər şeylərlə yanaşı, bu müalicə metodunun insanlara ötürülə biləcəyini göstərəcək” dedi tədqiqatın həmmüəllifi Dietmar Fişer.