Süni intellekt COVID-19-dan yüksək ölüm riskini proqnozlaşdıra bilən üç biomarker aşkar edib. Yeni araşdırma Nature Machine Intelligence jurnalında dərc olunub.
Maşın öyrənmə sisteminin “fikirinə” görə, qanda laktat dehidrogenaz fermentinin (LDH), limfositlərin və C-reaktiv zülalın səviyyələri COVID-19-dan ölüm riskinin artdığını göstərə bilər. Yeni biomarkerlər COVID-19-dan ölümü 10 gün ərzində 90% dəqiqliklə proqnozlaşdıra bilər. Alimlər hesab edirlər ki, məlumatlar həkimlərə hansı xəstələrin xüsusi tibbi yardıma ehtiyacı olduğunu asanlıqla müəyyən etməyə imkan verəcək.
Alimlər riyazi modelləşdirmə sistemini işləyib hazırlayıblar ki, onun üçün giriş məlumatları xəstəliyin simptomları, testlərdən və digər tədqiqatlardan əldə edilən məlumatlar, həmçinin xəstəliyin şiddəti və müxtəlif xəstələrdə onun nəticəsi haqqında məlumatlar olub.
Alimlər bildirirlər ki, tapıntılar süni intellekt tərəfindən müəyyən edilmiş biomarkerlərin əhəmiyyəti ilə bağlı mövcud anlayışa uyğundur. LDH müxtəlif xəstəliklərdə, o cümlədən pnevmoniyada toxuma zədələnməsinin əlamətidir. C-reaktiv zülal iltihabın geniş istifadə olunan markeridir. Xüsusilə, respirator distress sindromunda pis proqnozun göstəricisidir.
Tədqiqatın müəllifləri limfositləri yeni dərmanların inkişafı üçün potensial hədəf kimi adlandırıblar: ola bilsin ki, onlar COVID-19-un ağır formalarında ağciyər toxumasına hücum edirlər.
Müəlliflər işləri üçün 2020-ci ilin yanvar və fevral aylarında Uhandan olan 485 COVID-19 xəstəsindən toplanmış qan testlərindən istifadə ediblər. Bu xəstələrdən 201-i sağalıb, 174-ü dünyasını dəyişib.