Tez-tez qırmızı acı bibər yeyən insanların infarkt və insultdan ölmə ehtimalı ümumiyyətlə yeməyənlərə nisbətən daha azdır. Bu , Amerika Kardiologiya Kollecinin Jurnalında dərc edilən yeni bir italyan araşdırması ilə göstərildi.
Alimlər səkkiz il ərzində təxminən 23 min insanı təqib ediblər. Onlar həyat tərzini, yemək vərdişlərini və sağlamlıq durumlarını müqayisə ediblər. Məlum olub ki, həftədə ən azı 4 dəfə qırmızı acı bibər yeyən insanların infarktdan ölmə riski onu yeməyənlərə nisbətən 40% azdır. Bu qrupda insultdan ölümlər demək olar ki, 2 dəfə az olur.
Alimlər qeyd ediblər ki, bibərin qoruyucu təsiri heç bir pəhriz növündən asılı deyil. Yəni, bəzi insanlar Aralıq dənizi pəhrizinə riayət edirdilər, digərləri isə daha az sağlam qidalanırdılar, lakin onların hamısı üçün acı bibər ölüm riskinin azalması ilə əlaqələndirilirdi.
İnsbruk Universitetinin professoru və tədqiqatın həmmüəllifi Licia Iacoviello, "Çin və ABŞ-da göstərildiyi kimi, biz indi bilirik ki, müxtəlif kapsaisin tərkibli bitkilər, dünyanın müxtəlif yerlərində müxtəlif yollarla istehlak edilsə də, sağlamlığımızı qoruya bilər" dedi.
Daha sonra alimlər qırmızı acı bibərin orqanizm üçün faydalı olmasını təmin edən biokimyəvi mexanizmləri öyrənməyi planlaşdırırlar.
CNN-ə verdiyi şərhdə, Aston Tibb Məktəbindən qidalanma mütəxəssisi Duane Mellor, araşdırmanın maraqlı olduğunu, lakin "qırmızı bibər və sağlamlıq faydaları arasında səbəb-nəticə əlaqəsini göstərmədiyini" söylədi. Məsələn, yeməyin hazırlanma üsulundan asılı ola bilər.