Alimlər pandemiya zamanı müxtəlif yaş qruplarında spirt istehlakının əhəmiyyətli dərəcədə artdığını dəfələrlə bildiriblər. Nyu York Universitetinin Qlobal İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, depressiya, narahatlıq və digər psixi sağlamlıq vəziyyətləri olan insanlar bu cür problemi olmayan həmyaşıdlarına nisbətən daha çox içki qəbul edirlər.
Onlayn sorğuya bütün ştatlardan 5850 amerikalı böyüklər daxildir. Respondentlər pandemiya zamanı psixoloji durumları və içki vərdişlərinin nə qədər dəyişdiyi ilə bağlı sualları cavablandırıblar. İştirakçıların təxminən 29%-i daha çox içdiyini etiraf edib, respondentlərin 19,8%-i isə alkoqol istehlakını azaltdığını bildirib. Bununla belə, depressiyadan əziyyət çəkən insanların spirtdən sui-istifadə etmə ehtimalı narahatlıq pozğunluğu olanlara (41%) nisbətən 64% daha çox idi.
Sorğu həmçinin içki vərdişləri ilə respondentlərin yaşı arasında korrelyasiya tapıb. Çox vaxt 40 yaşdan kiçik gənclər alkoqol istehlakının artdığını bildirdilər (iştirakçıların 40%). Eyni zamanda, depressiya və narahatlıq əlamətləri olan 40 və daha yuxarı yaşda olan iştirakçılar, psixi pozğunluğu olmayan həmyaşıdları ilə müqayisədə təxminən iki dəfə daha çox içki içdiklərini bildirdilər.
Tədqiqatın müəllifləri hesab edir ki, insanlar həm pandemiya, həm də təcrid nəticəsində yaranan stress səbəbindən daha çox içirlər. Onlar hesab edirlər ki, karantin zamanı aşkar etdikləri spirt istehlakının artması insanların sağlamlığı üçün uzunmüddətli mənfi nəticələrə səbəb ola bilər.
Qeyd etmək lazımdır ki, depressiya və narahatlıq çox vaxt COVID-19 səbəbiylə ortaya çıxır. Bir qrup italyan alimi xəstələrin təxminən 56 faizində koronavirusdan sonra ortaya çıxan ən azı bir psixi pozğunluğun olduğunu müəyyən edib. Çox vaxt xəstəlikdən sağalanlar daimi narahatlıqdan şikayətlənirlər – respondentlərin 42% -i. Xəstələrin 40%-i yuxusuzluqdan, 31%-i depressiyadan əziyyət çəkir. Respondentlərin 28%-də travma sonrası stress pozğunluğunun (TSSB) simptomları, 20%-də isə obsesif-kompulsiv pozğunluq aşkar edilib.