Kataloniyada peyvənd proqramı hepatit B hallarının 52% azalmasına səbəb olub. Bu barədə Vaccine jurnalında araşdırmalarını dərc edən bir qrup ispan alimi məlumat verib.
Hepatit B qlobal sağlamlıq təhlükəsidir. Xəstəlik hazırda sağalmazdır və onun xroniki gedişi siroz və qaraciyər xərçənginə (hepatosellüler karsinoma) səbəb ola bilər.
Müəlliflər 21 il əvvəl Kataloniyada başlayan peyvənd proqramının effektivliyini və nəticələrini təhlil ediblər. Tədqiqatda peyvənd olunmuş və peyvənd olunmamış uşaqların hepatit B ilə nə qədər tez-tez xəstələndiyini müqayisə ediblər.
Kataloniyada hepatit B xəstəliyinə yoluxma halları 1991-ci ildə 100 000 nəfərə 2,5 hadisədən 2014-cü ildə proqramın başa çatdığı vaxtda hər 100 000 nəfərə 1,2 hadisəyə düşüb. Alimlər məlumatı Səhiyyə Nazirliyinin bütün qeydə alınmış xəstəlik hallarını qeydə alan məlumat bazasından götürüblər.
Müəlliflər yazır: "Bundan əvvəl yalnız risk qruplarından olanlar, səhiyyədə çalışanlar, hemodializ xəstələri və hemofiliyalılar peyvənd olunurdu. Lakin bu peyvənd xəstəliyin hallarını azaltmaq üçün kifayət etmədi".
2014-cü ilə qədər peyvənd olunmuş qrupda hepatit B-yə yoluxma halı 10000 nəfərə 0,03, peyvənd olunmayan qrupda isə 100,000 nəfərə 4,1 təşkil edib. Alimlərin hesablamalarına görə, uşaqlıq peyvəndi proqramının effektivliyi 99,3%, qarşısı alınan yeni xəstəliyə yoluxma hallarının xüsusi çəkisi isə 64,56% təşkil edib. Müəlliflərin fikrincə, belə nəticələr peyvəndin təkcə peyvənd olunanlar üçün deyil, bütövlükdə cəmiyyət üçün faydalı olduğunu göstərir.