Mobil maqnit rezonans görüntüləmə (MRT) bölməsi xüsusi yer tələb edən böyük və bahalı stasionar MRT aparatlarına alternativ olaraq hazırlanmışdır. Yeni portativ qurğu güclü maqnit çatışmazlığını kompüter texnologiyasındakı yeni nailiyyətlərin köməyi ilə kompensasiya edir. Standart MRT aparatından 10 dəfə yüngül, 20 dəfə ucuzdur və 35 dəfə az enerji sərf edir.
Əsas odur ki, portativ MRT skanerindən birbaşa xəstənin çarpayısının yanında istifadə oluna bilər. Bu, yardımın göstərilməsini sürətləndirir və xəstənin daşınması ehtiyacını aradan qaldırır. Əvvəlki araşdırmada Yale Universitetinin tədqiqatçıları 30 xəstədə cihazın işemik insult və şişləri effektiv şəkildə aşkarlaya biləcəyini nümayiş etdirdilər. Yeni araşdırmada eyni tədqiqat qrupu hemorragik insultların (kəllədaxili qansızmaların) diaqnostikasında yeni skanerin imkanlarına diqqət yetirib.
Tədqiqatda 144 nəfər (kəllədaxili qansızma və ya hemorragik insult olan 54, işemik insult olan 48, sağlam 40 nəfər) iştirak edib. Alimlər onlara həm standart beyin skanları, həm də portativ MRT aparatından istifadə edərək skan ediblər.
Alınan görüntülər MRT diaqnostikası mütəxəssisləri tərəfindən təhlil edilib. Portativ skanerlə çəkilmiş şəkillərdən istifadə edərək, 80% hallarda kəllədaxili qansızma diaqnozunu düzgün qoydular. Qalan 88 xəstənin 85-i (sağlam və işemik insult keçirmiş) üçün qanaxma olmadığını bildirdilər. Yəni, 96,6% hallarda hemorragik insultu düzgün şəkildə istisna ediblər.
“Şübhə yoxdur ki, bu cihaz kənd xəstəxanaları və inkişaf etməkdə olan ölkələr kimi resursların az olduğu yerlərdə insanların həyatını xilas edə bilər” dedi tədqiqatın aparıcı müəllifi Kevin Şet.
Yeni cihaz üzərində araşdırmalar davam edəcək. Yaxın gələcəkdə alimlər onun kəllə-beyin travmalarının diaqnostikasında nə qədər həssas olduğunu sınaqdan keçirməyi planlaşdırırlar.