Tel-Əviv Universitetinin alimləri müxtəlif dalğa uzunluqları yayan ultrabənövşəyi LED lampaların insan OC43 (HcoV-OC43) koronavirusunu məhv etmək qabiliyyətini araşdırıblar. Tədqiqatçıların laboratoriya şəraitində yeni patogenlə işləmək üçün texniki imkanları yox idi, buna görə də oxşar ölçü və quruluşa malik surroqat olaraq SARS-CoV-2 ilə eyni beta-koronavirus ştamından istifadə etdilər.
Qaranlıq sınaq borularındakı virusları UV LED-lərə məruz qoyduqdan sonra elm adamları 285 nanometr (nm) dalğa uzunluğunun virusu təsirsiz hala gətirdiyini və təxminən 265 nm dalğa uzunluğu qədər təsirli olduğunu aşkar etdilər. Hər iki halda patogenin 99,9%-ni öldürmək üçün 30 saniyədən az vaxt lazım olub. Alimlər qeyd ediblər ki, 285 nm dalğa uzunluğuna malik LED lampaların qiyməti 265 nm dalğa uzunluğuna malik lampalardan xeyli az olduğundan bu, çox vacib bir nəticədir.
Tədqiqat müəllifləri yazır: “Bizim tapıntılarımız daha çox kommersiya və ictimai fayda verə bilər, çünki onlar potensial olaraq sürətli və təhlükəsiz dezinfeksiya üçün LED lampalarından istifadə etmək imkanı verir”.
Alimlər SARS-Cov-2 deyil, təhlükəsiz bir koronavirusdan istifadə etdikləri üçün onların tapıntılarının əlavə təsdiqlənməsi lazımdır. Komanda indi yeni koronavirusla yeni bir araşdırma hazırlayır.
Eyni zamanda, müəlliflər yaşayış binalarında belə texnologiyalardan istifadənin təhlükələri barədə xəbərdarlıq etmiş və gələcəkdə onların istifadəsi üçün xüsusi təhlükəsiz sistemin işlənib hazırlanmasını tələb etdiyini vurğulamışlar.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı da ultrabənövşəyi lampalardan əlləri və ya dərini bədənin digər hissələrini dezinfeksiya etmək üçün istifadə etməyi tövsiyə etmir. “UV radiasiya dərinin qıcıqlanmasına və gözün zədələnməsinə səbəb ola bilər. Viral hissəcikləri aradan qaldırmağın ən təsirli yolları spirt əsaslı əl sürtmələrindən istifadə etmək və əlləri sabunla yumaqdır”, – ÜST təlimatlarında deyilir.