Alimlər Parkinson xəstəliyinin beyindəki neyronlara keçməzdən əvvəl bağırsaqlarda inkişaf etməyə başlaya biləcəyinə dair yeni sübutlar tapıblar. Bunu trunkulyar vaqotomiya proseduru – diafraqmanın üstündəki nahiyədə vagus sinirinin kəsilməsi əməliyyatı keçirən xəstələr arasında xəstəliyin daha az olması sübut etdi. Belə xəstələrdə beş illik araşdırma zamanı Parkinson xəstəliyinə tutulma ehtimalı 40% az olub.
Araşdırmaya İsveçdəki Karolinska İnstitutundan Bojing Liu rəhbərlik edib. O və həmkarları tam və ya qismən vaqotomiyaya məruz qalmış 9430 xəstənin səhhətini vagus sinirləri cərrahi yolla müalicə olunmayan 377,200 nəfərlə müqayisə etmək üçün 40 il ərzində İsveç milli reyestrlərinin məlumatlarını təhlil edib. Əvvəlcə Parkinson xəstəliyinin inkişaf ehtimalı hər iki qrupda statistik olaraq ekvivalent idi, lakin sonra tədqiqatçılar "sorğu"nu dəqiqləşdirdilər – seçmə və ya total vaqotomiya olan insanlar haqqında məlumatlara ayrıca baxdılar.
Selektiv vaqotomiya ilə Parkinson xəstəliyinin inkişaf riski 1,08%, tam (trunkulyar) vaqotomiya ilə – cəmi 0,78% təşkil etmişdir. Eyni zamanda, vaqotomiyaya məruz qalmayan insanlarda 5 il müşahidə zamanı 1,15% hallarda Parkinson xəstəliyi inkişaf etmişdir. Beləliklə, mütəxəssislər belə nəticəyə gəldilər ki, vagus siniri xəstəliyin inkişafında müəyyən rol oynayır. Ola bilsin ki, xəstəlik bağırsaqlarda başlayır, burada zülallar səhv “özünü aparmağa” başlayır və sonra vagus siniri bu xətanı beyinə “ötürür”.