Həkimin istifadə olunan dərmanın effektivliyinə inamı müalicənin nəticələrini yaxşılaşdırır. Tərkibində heç bir ağrıkəsici olmayan kremlə ağrının müalicəsi zamanı yeni bir araşdırma bunu göstərdi. ABŞ-ın Dartmut Kollecinin alimlərinin bir sıra təcrübələrinin nəticələri Nature Human Behavior jurnalında dərc olunub.
Həkim dərmana inanırsa, müalicənin təsiri daha güclü olur. Bunun üçün həkimin xəstəyə heç nə deməsinə belə ehtiyac yoxdur. Alimlər öz nəzəriyyələrini xəstələr rolunu oynayan 24 tədqiqat iştirakçısı üzərində sınaqdan keçiriblər. Onların hər birinə həkim rolunu oynayan bir şəxs təyin edildi.
“Xəstələrin” hər biri əlinə vurulan isti əşyanın ağrılı təsirini hiss edib. Sonra həkim rolunu oynayan iştirakçıya iki növ sakitləşdirici kremdən biri verildi. Tədqiqatın təşkilatçıları “həkimlərə” kremlərdən birinin tövsiyə olunan “Termedol” adlı yanıq dərmanı, digərinin isə saxta olduğunu bildiriblər. Ancaq əslində hər iki krem dərman vasitəsi deyildi – hər iki halda sadə neft jeli idi, lakin fərqli qablaşdırmada.
Buna baxmayaraq, hər iki krem haqqında məlumat verilməyən “xəstələr” “həkimin” ağrıları aradan qaldıracağına inandığı kremdən istifadə edərkən ağrıları əhəmiyyətli dərəcədə azaldıblar.
Təcrübə xəstənin üz reaksiyasını (dodaq və qaşların hərəkətləri) şərh etmək üçün proqramlaşdırılmış süni intellekt sisteminə qoşulmuş gizli kamera tərəfindən qeydə alınıb. “Xəstənin” dərisinə bərkidilmiş sensorlar da “həkim”in ağrıları aradan qaldıracağına inandığı kremdən istifadə edərkən psixofizioloji oyanmanın azaldığını qeyd edib.
Sonra “xəstələr” bildirdilər ki, “effektiv krem”dən istifadə edərkən həkim rolunu oynayan iştirakçılar daha empatik görünürdülər. Təcrübə bir neçə dəfə təkrarlandı, hər bir kremin istifadə qaydası dəyişdirildi, baxmayaraq ki, hər iki halda sadə neft jeli istifadə edildi.
“Nəticələrimiz göstərir ki, sosial qarşılıqlı əlaqənin incə aspektləri klinik nəticələrə təsir edə bilər. İştirakçılar yalnız rol oynasalar da, real klinik kontekstdə tibb işçiləri xəstələr tərəfindən daha bacarıqlı, empatik və müalicənin effektiv olacağına əmin kimi qəbul edilirsə, real xəstənin müalicəsinin nəticələrinin daha yaxşı olacağına inanmaq olar”.
Təcrübə müəllifləri incə qeyri-şifahi amillərin “ağrı təcrübəsinə böyük təsir göstərə biləcəyini” iddia edirlər və onların işinin ağrıları aradan qaldırmaq üçün qeyri-dərman mexanizmləri üzərində araşdırmaları stimullaşdıracağına ümid edirlər.