Alimlər müəyyən ediblər ki, tam süd içən uşaqlarda yağsız süd içənlərə nisbətən artıq çəki riski 39% azdır.
Amerika Pediatriya Akademiyası hazırda uşaqların 2 yaşında az yağlı (1%) və ya yağsız südə keçməsini tövsiyə edir. Lakin yeni Kanada araşdırmaları göstərir ki, tam yağlı süd uşaqlara sağlam çəki saxlamaqda kömək etmək üçün az yağlı süddən daha yaxşı ola bilər. Nəticələr American Journal of Clinical Nutrition jurnalında dərc olunub.
Toronto Universitetinin alimləri 18 yaşından kiçik 20 897 uşağın iştirak etdiyi 14 araşdırmanı təhlil ediblər. Onlar iki qrup uşaq müqayisə ediblər: bəziləri tam yağlı süd (3,25% yağ), digərləri isə 2%-dən az yağlı süd içiblər.
Bütün bu tədqiqatlardan əldə edilən məlumatları birləşdirərək, tədqiqatçılar tam yağlı süd içən uşaqların az yağlı və ya yağsız süd içənlərə nisbətən artıq çəki və ya piylənmə riskinin 39% daha az olduğunu hesabladılar. Bundan əlavə, pəhrizdə tam süd miqdarının artması ilə ümumilikdə piylənmə riski davamlı olaraq azalır.
Müəlliflərin fikrincə, bu fenomen üçün bir neçə mümkün mexanizm var. Xüsusilə tam süd içən uşaqlar digər qidalardan daha az kalori qəbul edirlər. Tədqiqatlar göstərir ki, süd yağının insana toxluq hissi verən xüsusiyyətləri var.
Alimlər əks səbəbli əlaqənin mümkünlüyünü istisna etmirlər. Ola bilər ki, valideynlər çəkisi az olan uşaqlara kökəlmələri üçün bilərəkdən tam süd təklif etsinlər. Lakin, müəlliflərin qeyd etdiyi kimi, bu müşahidə tədqiqatlarının heç biri səbəb və nəticəni müəyyən edə bilməz.
Baş tədqiqat müəllifi Jonathon L. Maguire, “Doğru şeyi edib-etmədiyimizi anlamaq üçün həqiqətən daha çox klinik sınaqlara ehtiyacımız var” dedi.