Kembric Universitetinin alimlərinin apardığı yeni araşdırmalar göstərir ki, yaşlılıqda həddindən artıq idman deyilən bir şey yoxdur. Təxminən 15,000 Böyük Britaniya vətəndaşı üzərində aparılan araşdırma, məşq müddətini artıran fiziki cəhətdən aktiv insanların vaxtından əvvəl ölüm riskini demək olar ki, iki dəfə azaltdığını göstərdi. Araşdırma British Medical Journal -da dərc olunub.
Tədqiqatçılar 1993-1997-ci illər arasında sağlamlıq vəziyyəti araşdırılan 40-79 yaşlı 14.599 kişi və qadının məlumatlarını təhlil edib, bundan sonra 2016-cı ilə qədər izlənilib. Nəticələr göstərib ki, fiziki fəaliyyətin yüksək səviyyəsi və zamanla fiziki aktivliyin artması gözlənilən ömür uzunluğunun artması ilə əlaqələndirilir.
Tədqiqatçılar müəyyən ediblər ki, tədqiqatın əvvəlində fiziki cəhətdən aktiv olmayan, lakin nəticədə ÜST-nin həftədə 150 dəqiqə fiziki fəaliyyətlə bağlı təlimatına əməl edən insanların oturaq həyat tərzi keçirən insanlarla müqayisədə hər hansı səbəbdən ölmə riski 24%, ürək-damar xəstəliklərindən ölüm riski 29%, xərçəngdən ölmə riski isə 11% azdır. Bu nəticəyə hər gün təxminən 20 dəqiqə və ya həftədə beş dəfə 30 dəqiqə məşq etməklə nail olmaq olar.
Ancaq ən yaxşı nəticələr həftədə orta hesabla 300-450 dəqiqə – gündə 42 dəqiqə fiziki fəaliyyətlə məşğul olanlar tərəfindən əldə edilmişdir. Araşdırmaya görə, belə iştirakçılarda erkən ölüm riski 42% azalıb. Fiziki fəaliyyətə iş yerində fiziki fəaliyyət, gəzinti, velosiped sürmək və idmanla məşğul olmaq daxildir. Bununla belə, araşdırma göstərdi ki, insanlar əvvəllər nə qədər məşq etmələrindən asılı olmayaraq sağlamlıq baxımından əhəmiyyətli faydalar əldə edə bilərlər.