Proceedings of the National Academy of Sciences jurnalında dərc edilən yeni bir araşdırmaya görə, aşağı karbohidratlı pəhriz beyində yaşa bağlı bəzi dəyişiklikləri yavaşlatmağa və hətta geri qaytarmağa kömək edə bilər.
Alimlər müxtəlif yaşlarda olan insanların beyinlərinin MRT görüntülərinin böyük bir nümunəsini təhlil ediblər. Onlar müəyyən ediblər ki, beyində yaşa bağlı dəyişikliklər əvvəllər düşünüldüyündən daha tez baş verir: MRT-də onları 40 yaşdan bir qədər yuxarı insanlarda tapmaq olar.
Stony Brook Universitetinin professoru Lilianne R Mujica-Parodi, “Ancaq araşdırmamız onu da göstərdi ki, sadə karbohidrat qəbulunu mümkün qədər azaltmaqla bu prosesin qarşısını almaq və ya geri qaytarmaq olar”.
Pəhrizin qocalmış beyinə təsirini daha yaxşı başa düşmək üçün alimlər 18-88 yaş arası 1000-dən çox insanın beyin skanını təhlil ediblər. Tədqiqat üçün onlar iştirakçıları üç qrupa ayırıblar: normal pəhrizinə riayət edənlər, oruc tutanlar və ketogenik pəhrizə əməl edənlər.
Yağ və zülalda yüksək, lakin karbohidratlarda az olan ketogenik pəhriz bədənin daha çox yağ yandırmasına səbəb olur. Bədəni enerji üçün daha çox keton cisimlərindən istifadə etməyə “məcbur edir”.
“Biz düşünürük ki, insanlar yaşlandıqca beyin qlükozadan səmərəli istifadə etmək qabiliyyətini itirir. Bu, neyronların ac qalmasına səbəb olur və neyron şəbəkələri qeyri-sabit olur. Beləliklə, beyin üçün fərqli enerji mənbəyindən istifadənin onun qocalmasını ləngidə biləcəyini yoxladıq”, – Mujica-Parodi deyib.
Alimlər müəyyən ediblər ki, beyindəki neyron şəbəkələrinin vəziyyəti hüceyrələrin enerji aldığı mənbələrdən asılı ola bilər. Qlükoza, yeni məlumatlara görə, neyron şəbəkələrinin sabitliyini azaldır və keton cisimləri (qidada karbohidratların miqdarı məhdud olduqda qaraciyərdə istehsal olunur) onları daha sabit edir. Bu təsir hətta gənclərdə də nəzərə çarpırdı.