Clinical Nutrition jurnalında dərc edilən yeni bir araşdırma, çox miqdarda qəhvə içməyin sağlamlığa zərərli ola biləcəyini təsdiqləyib. Yeni elmi işin müəllifləri bu günə qədər ən etibarlı məlumatları əldə etdiklərinə inanırlar.
Əvvəllər qəhvənin təsiri ilə bağlı bütün məlumatları adi müşahidə tədqiqatlarından alimlər əldə edirdilər: onlar çoxlu sayda insan arasında sorğu keçirib və onların hansı xəstəliklərdən əziyyət çəkdiyini öyrəniblər. Bu üsul bütün amillərin insan orqanizminə təsirini nəzərə almadığı üçün əhəmiyyətli dərəcədə qeyri-dəqiqliklər yarada bilər.
Yeni araşdırmada elm adamları daha dəqiq bir genetik metoddan – Mendel randomizəsindən istifadə ediblər. Bunun üçün ilk olaraq insanlarda qəhvə istehlakının artması ilə hansı genetik variantların əlaqəli olduğunu öyrəndilər. Daha sonra yüz minlərlə insanın genetik və sağlamlıq məlumatlarını saxlayan Böyük Britaniya Biobankının məlumatlarından istifadə etdilər. Alimlər genetik meyllərinə görə qəhvədən sui-istifadə edən insanların xəstəliklərini araşdırıblar.
Məlum olub ki, çoxlu qəhvə içən insanlarda osteoartrit, artropatiya və piylənmə daha çox olur. Alimlər gündə altı stəkan qəhvə istehlakı üçün təhlükəsiz hədd hesab edirlər.
Cənubi Avstraliya Universitetinin professoru və tədqiqatın həmmüəllifi Elina Hyppönen “Dünyada insanlar hər gün üç milyard fincan qəhvə içirlər, ona görə də onun sağlamlığa müsbət və mənfi təsirlərini öyrənmək vacibdir” dedi.
Alimlər qeyd edirlər ki, oynaq xəstəliklərinə və piylənməyə meylli insanlar öz araşdırmalarının nəticələrini diqqətdə saxlamalıdırlar. Bundan əlavə, bu xəstəliklər çox yaygındır, buna görə də onların səbəbləri haqqında bilikləri genişləndirmək lazımdır.
Tədqiqatın müəllifləri hesab edirlər ki, onların məlumatları ümumiyyətlə qəhvənin zərərli olduğunu göstərmir, lakin onlar bizə onun ağlabatan miqdarda içilməli olduğunu xatırladırlar.