Almaniya parlamenti uşaqlar üçün məcburi qızılca peyvəndini təsdiqləyib, Guardian xəbər verir. Bundestaqın 459 üzvü bütün dünyada xəstəliyə yoluxma hallarının artmasının səbəb olduğu bu qərarın lehinə, 89-u əleyhinə, 105-i isə bitərəf qalıb.
Almaniya hökuməti iyul ayında qanun layihəsini dəstəkləmişdi.
İndi övladına peyvənd vurmaqdan imtina edən valideynləri 2500 avro cərimə gözləyir və uşaq böyük ehtimalla məktəbə və ya bağçaya qəbul olunmayacaq. Bağça müəllimləri, xəstəxana işçiləri və qaçqınlar da peyvənd edilməlidir. Peyvənd olunmuş şəxslər zəruri hallarda bunu təsdiq edən sənədləri təqdim etməlidirlər. Qanun gələn ilin martında qüvvəyə minəcək.
Almaniyanın Səhiyyə naziri Yens Spahn qanunun uşaqları qoruduğunu və bunun lehinə səs verənlərin bütövlükdə cəmiyyətə qarşı məsuliyyətli davrandıqlarını söylədi. Almaniyada ötən il 543, bu il 400 qızılcaya yoluxma halı qeydə alınıb.
Qızılca peyvəndi adətən kabakulak və məxmərək, bəzən də suçiçəyi qarşısını alan komponentləri ehtiva edir. Ona görə də peyvənd olunanlar da bu xəstəliklərdən qorunacaqlar.
The Guardian qeyd edir ki, bu qanunun tətbiqi digər ölkələrdə məcburi vaksinasiya tərəfdarları tərəfindən diqqətlə izlənilir. Böyük Britaniyanın Səhiyyə Naziri Matt Hancock sentyabr ayında hökumətin oxşar tədbirləri tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini söylədi.
Böyük Britaniyada aparıcı alimlər məcburi peyvəndlə bağlı konsensusa gələ bilməyiblər. Onların bir çoxu hesab edir ki, peyvənd insanlar üçün daha əlçatan olarsa, infeksiya problemi həll olunacaq. Onlar qeyd edirlər ki, peyvənd əleyhinə hərəkat rol oynasa da, o qədər də çox deyil.