Facebook sosial şəbəkədə çaşdırıcı iddialara əsaslanan sağlamlıqla bağlı məhsulların təbliğatının qarşısını almaq üçün addımlar atıb. Bu barədə məlumat şirkətin rəsmi xəbərlərində yer alıb.
Şirkətdən verilən məlumata görə, son bir ay ərzində o, şişirdilmiş və ya sensasiyalı sağlamlıq iddiaları ilə çıxış edən yazıları məhdudlaşdıran siyasətində iki dəyişiklik edib. Bunlara "möcüzəvi müalicələr" və pəhriz həbləri kimi yalan məlumatlar olan digər məhsul və xidmətlər haqqında yazılar daxildir.
Şirkət hazırda platformasını saxta xəbərlərdən, dezinformasiyadan və aldadıcı iddialardan təmizləmək üçün artan təzyiq altındadır. Reuters yazır ki, sosial şəbəkələrə qarşı oxşar iddialar son vaxtlar bir çox media orqanında yer alıb. The Wall Street Journal daha əvvəl qeyd etmişdi ki, Facebook və YouTube sağlamlıqla bağlı “zərərli məlumatlarla” doludur.
"Biz bilirik ki, insanlar sensasiya xarakterli yazıları sevmirlər və spam və çaşdırıcı məzmun cəmiyyətimiz üçün zərərlidir" dedi Facebook məhsul meneceri Travis Yeh.
Şirkət bildirir ki, yeniliklər adi istifadəçilərə ciddi təsir göstərməməlidir.