Hazırda həkimlər SARS-CoV-2 koronavirusuna qarşı son dərəcə məhdud dərman arsenalına malikdirlər. Ağır xəstələrin müalicəsi üçün təsdiqlənmiş Remdesivir məhdud effektivlik nümayiş etdirdi. Bundan əlavə, yalnız venadaxili olaraq tətbiq oluna bilər. Buna görə də, elm adamları bu infeksiyanı müalicə etmək üçün yeni dərmanlar və dərman birləşmələri üzərində işləyirlər.
Klofazimin 1950-ci illərdə vərəm əleyhinə dərman kimi hazırlanmışdır və hazırda cüzamın müalicəsində istifadə olunur. İltihab əleyhinə təsirə malik olduğu bilinir. Klofazimin Ümumdünya Səhiyyə Təşkilatının əsas dərmanlar siyahısındadır. Ağızdan qəbul edilən ucuz dərmandır.
Beynəlxalq alimlər qrupu sınaq borusunda və heyvanlar üzərində klofamizinin koronaviruslara qarşı effektivliyini öyrənib. Birincisi, elm adamları dərmanın iki fərqli koronavirusun – SARS-CoV-2 (COVİD-19-un törədicisi) və MERS-CoV (Yaxın Şərq tənəffüs sindromunun törədicisi) – insan və meymun hüceyrə kulturalarında, eləcə də insan ağciyər toxumasında replikasiyasını (çoxalmasını) dayandıra biləcəyini müəyyən ediblər.
Tədqiqat müəllifləri klofamisinin koronavirusun çoxalmasının müxtəlif mərhələlərində təsir etdiyini aşkar ediblər. Onların hüceyrələrə nüfuz etməsinə mane olur və replikasiya üçün zəruri olan viral ferment helikazının fəaliyyətini azaldır.
Klofamisin SARS-CoV-2 ilə yoluxmuş hamsterlərə tətbiq edildikdə, heyvanların ağciyərlərində virusun miqdarının əhəmiyyətli dərəcədə azalması müşahidə edildi. Xəstə hamsterlərin klofamisin və remdesivir kombinasiyası ilə müalicəsi ən yaxşı effekti göstərdi: dərmanlar bir-birinin təsirini gücləndirdi.
Alimlər yazır ki, insanlarda SARS-CoV-2 infeksiyasının müalicəsində klofamizinin effektivliyini müəyyən etmək üçün klinik sınaqlara ehtiyac var.