Sidney Universitetinin alimləri tərəfindən aparılan araşdırmada Avstraliyanın 17 məktəbinin 8-11-ci siniflərindən 2800 şagird iştirak edib. Dörd il ərzində tədqiqatçılar iki fərziyyəni sınamaq üçün uşaqların davranışlarını qiymətləndirdilər: məcburi sosial mediadan istifadə emosiyaları tənzimləməkdə çətinliklərə gətirib çıxara bilərmi və emosional problemlər internet asılılığına səbəb ola bilərmi.
Tədqiqat nəticəsində məlum olub ki, internet asılılığı yeniyetmələrin öz emosiyalarını anlamaq və uzunmüddətli hədəflər qoymaq qabiliyyətinə mənfi təsir göstərir. Eyni zamanda, özünü qəbul etmək və özünü dərk etmək kimi daha az mürəkkəb proseslər sosial şəbəkələrdə “görüşmək” vərdişinin təsiri altında dəyişməyib. Bununla belə, tədqiqatçılar emosional sahədə mövcud problemlərin yeniyetmələrdə internet asılılığına səbəb olması ilə bağlı fərziyyənin təsdiqini tapmayıblar.
"12 aylıq davamlı internet istifadəsi əvvəllər düşündüyümüz qədər zərərli olmaya bilər. Lakin bu davranış sonrakı həyatda da davam edərsə, emosiyaların tənzimlənməsi ilə bağlı problemlər daha da pisləşə bilər" deyə aparıcı müəllif Dr James Donald bildirib.
Tədqiqatçılar qeyd ediblər ki, pandemiya zamanı məktəblərin karantinə bağlandığı vaxt distant təhsil onlayn təşkil olunduğundan orta məktəb şagirdləri əvvəlkindən daha çox internetdən asılı olublar. Alimlərin fikrincə, valideynlər və müəllimlər yeniyetmələrin internetdə keçirdikləri vaxtı məhdudlaşdırmalı və onlar üçün oflayn asudə vaxtlar təşkil etməlidirlər.