Pəhriz flavonoidləri bir çox meyvə, tərəvəz, çay, kakao və qırmızı şərabın tərkib hissəsidir. Onların müxtəlif sağlamlıq faydaları ola bilər, o cümlədən qan təzyiqini aşağı salmağa kömək edir.
Məlumdur ki, bağırsaqda flavonoidlər mikrobiota ilə qarşılıqlı əlaqədə olur. Bu, həm bağırsaq mikrobiomunun tərkibinə, həm də orqanizmdə flavonoidlərin mübadiləsinə təsir göstərir. Bir tərəfdən bu maddələrlə zəngin qidaların təsiri ilə bağırsaqlarda daha çox faydalı bakteriyalar olur və mikrobiom daha sağlam və müxtəlif olur. Digər tərəfdən bakteriyalar flavonoidləri ürək-damar sağlamlığına müsbət təsir edən maddələrə çevirir.
“Bizim bağırsaq mikrobiomumuz flavonoidlərin kardioprotektiv təsirinin artırılmasında əsas rol oynayır. Bu tədqiqat sübut edir ki, bu təsir sadəcə pəhrizinizi dəyişdirməklə əldə edilə bilər”, – deyə yeni tədqiqatın həmmüəllifi, Queen’s University Belfastdan professor Aedín Cassidy bildirib.
Yeni elmi məqalənin müəllifləri bağırsaq mikrobiotasının müxtəlifliyi ilə flavonoidlərin qan təzyiqinə müsbət təsiri arasında əlaqəni araşdırıblar. Flavonoid təsirinin nə qədər bağırsaq bakteriyalarına bağlı olduğunu ilk hesablayanlar onlar idi.
Araşdırmada orta yaş həddi 25 olan 904 nəfər iştirak edib. Bir il ərzində alimlər vaxtaşırı onların pəhrizini, qan təzyiqini, bağırsaq mikrobiomunun tərkibini və bəzi biokimyəvi parametrlərini qiymətləndirdilər. Tədqiqatın müəllifləri həmçinin həyat tərzi, bədən çəkisi və iştirakçıların qan təzyiqinə təsir edə biləcək digər amillərlə bağlı məlumatları təhlil ediblər.
Pəhrizlərində ən yüksək səviyyəli flavonoid olan tədqiqat iştirakçılarının sistolik qan təzyiqi və bağırsaq bakteriya müxtəlifliyi ən az miqdarda flavonoid qəbul edən insanlara nisbətən daha yüksək səviyyədə olub. Məlum olub ki, gündə 1,6 porsiya giləmeyvə yemək (bir porsiya 80 qramdır) sistolik təzyiqin 4,1 millimetr civə (mmHg) azalması ilə əlaqələndirilir. Eynilə, həftədə 2,8 stəkan qırmızı şərab içmək qan təzyiqi göstəricilərinin 3,7 mmHg azalması ilə əlaqələndirildi. Alimlərin fikrincə, flavonoidlərin qan təzyiqinə faydalı təsirinin 12-15%-ni mikrobiotanın təsiri ilə izah etmək olar.
“Hər bir fərddə flavonoid mübadiləsinin müxtəlifliyini daha yaxşı başa düşmək flavonoidlərlə zəngin qidaların bəzi insanlara digərlərindən daha çox fayda verməsinin səbəbini daha yaxşı izah edir” dedi Cassidy.
Hipertensiya jurnalının naşiri Amerika Ürək Fondu tövsiyə edir ki, spirtli içki qəbul etməyən insanlar təzyiqlərini aşağı salmaq üçün şərab içməyə başlamasınlar.