Yuxunun olmaması ağır bronxial astma ilə, həddindən artıq yuxu isə xəstənin vəziyyətinin pisləşməsi ilə əlaqələndirilir. Bu barədə Annals of Allergy, Asthma and Immunology jurnalında dərc olunan araşdırmada deyilir.
Yeni araşdırmanın müəllifləri qeyd edirlər ki, əvvəllər yuxusuzluğun yeniyetmələrdə astmanın gedişatına mənfi təsir etdiyi məlum idi. Alimlər böyüklərdə yuxu müddəti ilə astmanın şiddəti arasındakı əlaqəni aydınlaşdırmaq istəyiblər.
Tədqiqatda astmadan əziyyət çəkən ən azı 20 yaşında olan 1389 insan iştirak edib. Bütün iştirakçılardan həftə içi və həftə sonları neçə saat yatdıqları soruşulub.
Normal bir müddət (bu araşdırmada 6-8 saat) yatan insanlarla müqayisədə, az yatanlarda astma tutma riski təxminən 60%, öskürəyin şiddəti iki dəfə və bir gecədə xəstəxanaya yerləşdirmə riski 100%-dən çox idi. Bu qrupdakı insanların sağlamlıqla bağlı həyat keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı idi: onlar özlərini daha tez-tez pis hiss edirdilər, həkimə müraciət edirdilər və xəstəlik məzuniyyəti alırdılar. Eyni zamanda, 9 saatdan çox yatan insanların astma səbəbiylə normal fəaliyyəti məhdudlaşdırma riski daha yüksək idi.
Annals of Allergy, Asthma and Immunology jurnalının baş redaktoru Gaylen D. Marshall press-relizində "Astma xəstələrinin yuxusunun pozulması, astmanın zəif idarə olunduğu bir "bayraq" ola bilər" dedi. O vurğulayıb ki, astma xəstələri yuxularını həkimləri ilə müzakirə etməlidirlər: yuxu qeyri-qənaətbəxş olarsa, müalicə planı dəyişdirilməlidir.